Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən struktur islahatları nəticəsində mövcud elmi potensialın daha səmərəli şəkildə təşkil olunması və humanitar elmlər sahəsində tədqiqatların genişləndirilməsi məqsədilə Tarix İnstitutunun bazasında Tarix və Etnologiya İnstitutu yaradılmışdır. Yeni institutun yaradılması tarix və etnologiya sahələrində aparılan tədqiqatların inteqrasiyasına, bu istiqamətlər üzrə elmi fəaliyyətin daha sistemli və kompleks şəkildə həyata keçirilməsinə əlverişli şərait yaratmışdır.
Hazırda institutun strukturunda bir sıra ixtisaslaşmış elmi şöbələr fəaliyyət göstərir. Bunların sırasında Tarixi etnologiya, Müasir dövr etnologiyası, Türk xalqlarının tarixi və etnologiyası, eləcə də Tətbiqi etnoqrafiya və kulinariya mədəniyyəti şöbələri xüsusi yer tutur. Həmin şöbələrdə çalışan alim və tədqiqatçılar Azərbaycan xalqının etno-mədəni irsinin, həmçinin geniş türk dünyasının etnoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində fundamental və tətbiqi xarakterli elmi araşdırmalar aparırlar.
İnstitutun etnoloqları Azərbaycan və digər türk xalqlarının etnologiyasına dair prioritet istiqamətlər üzrə elmi tədqiqat fəaliyyətini ardıcıl şəkildə davam etdirirlər. Bu tədqiqatlar etnik tarix, ənənəvi məişət və təsərrüfat formaları, sosial münasibətlər sistemi, milli-mədəni dəyərlər, folklor və mədəni irs kimi mühüm sahələri əhatə edir. Son illərdə aparılan tədqiqatların nəticələri əsasında respublikada və xarici ölkələrdə bir sıra monoqrafiyalar, elmi məqalələr və digər akademik nəşrlər çap edilmişdir ki, bu da Azərbaycan etnologiya elminin beynəlxalq elmi mühitdə tanıdılmasına mühüm töhfə vermişdir.
İnstitutun qarşısında duran elmi və təşkilati vəzifələrin uğurla həyata keçirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə ardıcıl tədbirlər görülməkdədir. Bu tədbirlər sırasında etnoqrafik ekspedisiyaların təşkili və həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspedisiyalar vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan əhalinin etno-mədəni xüsusiyyətləri, ənənəvi həyat tərzi, maddi və mənəvi mədəniyyət nümunələri yerində öyrənilir, zəngin empirik material toplanır və elmi dövriyyəyə daxil edilir.
Bununla yanaşı, institutda etnoqrafiya fondunun yaradılması istiqamətində də mühüm işlər görülür. Bu fondun formalaşdırılması gələcəkdə Azərbaycanın zəngin etnoqrafik irsini qoruyub saxlayacaq və nümayiş etdirəcək etnoqrafiya muzeyinin yaradılması üçün mühüm baza rolunu oynayacaqdır.
Tarix və Etnologiya İnstitutunun yaradılmasından sonra qarşıda duran əsas vəzifələrdən biri də etnologiya sahəsində ixtisaslaşmış elmi dövri nəşrin və onun elektron platformasının – rəsmi internet saytının yaradılması olmuşdur. Qeyd etmək lazımdır ki, ölkədə etnoqrafiya sahəsində ilk ixtisaslaşmış nəşr olan “Azərbaycan etnoqrafik məcmuəsi”nin nəşrinə 1964-cü ildə başlanılmışdır. Lakin 1985-ci ildən etibarən etnoqrafiya sahəsinə həsr olunmuş ayrıca elmi jurnal nəşr edilməmişdir.
Bu vəziyyət etnoloqların elmi əsərlərinin müntəzəm və vaxtında çap olunması sahəsində müəyyən çətinliklərin yaranmasına səbəb olmuşdur. Məhz bu ehtiyacı nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi etnologiya sahəsində yeni elmi dövri nəşrin təsis olunmasına xüsusi dəstək göstərmiş, həmçinin jurnalın beynəlxalq elmi informasiya məkanına inteqrasiyasını təmin etmək məqsədilə onun müasir tələblərə uyğun rəsmi internet saytının yaradılmasına xüsusi diqqət yetirmişdir.
Əhatə dairəsi: